Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 10:29:00
Əlaçı olsa da, təhsili bu səbəbdən  muğama “qurban edən” Canəli Əkbərov -  Xalq artistinin parta etirafları

AzEdu.az hamının tanıdığı  sənət adamları, ictimai şəxslər, idmançılar, media nümayəndələrinin məktəb illərindən bəhs edən silsilə yazılarını davam etdirir.

“Parta etirafları” rubrikasının növbəti qonağı Azərbaycanın sevilən xanəndəsi, Xalq artisti   Canəli Əkbərovdur.

Məktəbdə müəllimlərin sevimlisi olduğunu deyən C. Əkbərov, həmin illərin  onun üçün  çox gözəl xatirələrlə yadda qaldığını vurğulayır:

“Məktəb illəri hamı üçün əzizdir,  o illərlə bağlı çox xatirələrim var. O xatirələrin hamısını sadalasam, roman yazmaq olar, çünki mən xatirəçiyəm...(gülür). 

1940-cı ildə Lənkəran rayonunun  Tükəvilə kəndində anadan olmuşam və  elə orada orta məktəbə getmişəm. Məktəb illəri  mənim üçün bu gün də çox sevincli, olduqca gözəl günlər kimi yadda qalır.  Mən o zaman  bütün fənləri sevmişəm, eyni zamanda, müəllimlərin sevimlisi olmuşam. Müəllimlər də, sinif yoldaşlarım da - hamı məni çox istəyirdilər.  Çünki xoş-əhval ruhiyyəli gənc insan idim. 

Orta məktəbdə oxuduğum illərdə qiymətlərim hər zaman yaxşı olub. Hər hansı  fəndən kafi qiymət aldığımı  xatırlamıram. Müəllimlər hər zaman bizə hörmət edib və bizdə müəllimlərə hər zaman hörmət etmişik”.

Canəli Əkbərov sonradan muğamın sirlərini necə öyrəndiyindən , xaricdə olduğu qastrol səfərlərindən də  bizə danışıb:

“Mən balacalıqdan muğamın sirlərini atamdan öyrənmişəm. Atam Xanəli Əkbərov tanınmış xanəndə olub, çox nüfuzlu muğamatçı Kərbəlayi Ağaməhəmmədin oğludur.  Onun yoldaşları da gözəl sənətkarlar idi. Atamın yoldaşları Bəhram Mansurov,  Hacı  Məmmədov, Sərvər İbrahimov - bunların hamısı bizim evdə olardı.

Mən atamın sənət yoldaşlarının tarını götürüb,  gizlincə çalardım. İstəyirdim ki, atam görməsin.   

İlk müəllimim olan atam toylarda oxuyar və məni də tez-tez özüylə aparardı. Beləcə, muğam qəlbimə hopurdu, amma gələcək həyatımın seçimi olacağını hələ dərk etmirdim.

23 yaşımda sənədlərimi aparıb Asəf Zeynallı adına Musiqi Məktəbinə (indiki Bakı Musiqi Kolleci) verdim. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinlənildim.

Seyid Şuşinski respublikanın ilk peşəkar muğam müəllimi olub. Bütün imtahanlardan “əla” alıb muğam ifaçılığı bölməsinə qəbul olundum  Opera və Balet Teatrında uzun illər işləyərək    bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”)  yaratmış , bütün obrazlarda oynamışam.  Bir çox xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşam. Xaricdə olduğum zaman Azərbaycan muğamını dünyaya gəzdirdim. Müəllimlərim Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyib və öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişəm”`. 

Qeyd edək ki, Canəli Əkbərova  1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə isə xalq artisti   fəxri adları verilib. O, 2002-ci ildə Şöhrət ordeni ilə təltif olunub.

Günel Yaşarqızı