
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfatı sənət aləmində böyük hüznlə qarşılanıb.
Bəstəkarlıq peşəsi üzrə ali təhsil alan Aygün xanım 2012-ci ildə Bakı Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olmuşdu. Lakin o səhhəti ilə əlaqədar bu təhsilini başa vura bilmirdi.
AzEdu.az xəbər verir ki, Aygün Bəylərin müəllimi, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış dirijor Əyyub Quliyev müğənninin ölümündən sarsıldığını bildirib.
“Aygün xanım Bakı Musiqi Akademiyasında mənim sinifimdə təhsil alırdı. Səhhəti ilə əlaqədar təhsilini yarımçıq qoymuşdu. Bu il bitirməli idi… Təəssüf! Çox istedadlı bir ifaçı idi. Allah rəhmət eləsin!".
Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.
7 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib.