Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-09 14:24:00
“Qarabağda yarım qalan təhsilim”: Canımın yarısı oradadır…- MÜSAHİBƏ

Ermənistanın işğalçılıq siyasəti nəticəsində el-obası, ailəsi, arzuları, eləcə də təhsili yarıda qalmış həmyerlilərimiz illərlə müxtəlif sığınacaqlarda 1001 əziyyətlə özlərinə yurd-yuva qurmağa çalışıb, yarım qalan xəyallarını reallaşdırmaq üçün mübarizə aparıblar.

 

AzEdu.az Təhsil Portalı “Qarabağda yarım qalan təhsilim” adlı yeni rubrika ilə Qarabağda yaşayıb, orada təhsil alan şəxslərdən silsilə müsahibələr təqdim edəcək.

 

Belə ki, həmin dövrdə şəraitlə əlaqədar təhsilin hansı vəziyyətdə olduğu, Qarabağ köçkünlərinin tamamlanmamış təhsillərinin aqibəti barədə müsahiblərimizlə söhbətləşəcəyik.  

 

İlk müsahibimiz olan Mətanət Əliyevadır

 

Mətanət xanım məktəbəqədər və ibtidai təhsilini Xankəndidə aldığını söyləyərək söhbətə başlayır…

 

- Mən, Əliyeva Mətanət Səhrəman qızı Xankəndi şəhərində anadan olmuşam. Bağça, eyni zamanda ibtidai təhsilin 3-cü sinfinə qədər Xankəndidə oxumuşam. Ali təhsilimi isə Azərbaycan Tibb Universitetində almışam. Həkim anestezioloq reanimatoloqam. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində fəaliyyət göstərirəm. 

 

- Xankəndidə bağça, eyni zamanda 3-cü sinfə qədər təhsil almısınız. Xankəndidəki təhsiliniz barədə yaddaşınızda qalanları bizimlə bölüşə bilərsiniz?

 

- Bizim ailədə valideynlərim işlədiyi üçün 2 yaşımdan etibarən Xankəndidə yerləşən bağçaya getmişəm. 6 yaşımda bağçanın tərkibində məktəbəhazırlıq qruplarında təhsil aldıqdan sonra elə həmin bağçada 1-ci sinfə başladım. İkinci sinifdən etibarən təhsilimi Xankəndidə yerləşən Nizami adına 4 nömrəli məktəbdə davam etdirdim. İkinci sinfi tam başa vurmaq qismət olsa da, təəssüf ki, mövcud şəraitlə əlaqədar üçüncü sinifdə 1-2 ay məktəbə gedə bildim. Ondan sonra məcburən təhsilimi həmin məktəbdə yarımçıq qoyub, Kərkicahan qəsəbəsində davam etdirməli oldum.  Qısa müddət olsa da həmin illəri çox gözəl xatırlayıram. Yaşımın az olmasına baxmayaraq olanların hər biri bugünkü kimi yadımdadır. Düşünürəm ki, o vaxtlar telefon, və başqa əyləncələr olmadığı üçün gördüyüm, yaşadığım bütün informasiyalar yaddaşımda həkk olunub. Yaz aylarında bağçanın həyətində oynayanda güllərdən dərib çələng düzəltdiyim anlar, yediyimiz yeməklər, keçirdiyimiz bayramların hər birini çox gözəl xatırlayıram. Günü bu gün şəhərdə pəncərə şüşələrində bayramlarla əlaqədar çəkilən şəkilləri görəndə bağça xatirələrim yadıma düşür. Bağçada oxuyanda yeni ilin gəlməsini səbirsizliklə gözləyirdim, çünki otaqların pəncərəsinə yeni il personajları çəkirdilər. Hələ bir dəfə bağçamın yerləşdiyi ərazini telefonda xəritədən istifadə edib, tapmışdım.

 

- Sinif yoldaşlarınızla əlaqəniz var?

 

-Bəli, onların bəziləri ilə hələ də əlaqəmiz var. Nisə adlı sinif yoldaşım var ki, hazırda ABŞ-də yaşayır. Biz Nisə ilə 1-ci sinifdə birgə oxumuşuq. Xankəndiyə nəzərən Kərkicahan qəsəbəsində oxuduğum məktəbdəki uşaqların hər birini xatırlayıram.

 

- Bəs müəllimlərinizlə necə?

 

- Birinci sinifdə Qələbə müəllimə bizə dərs keçirdi. Universitetin ikinci kursunda oxuyanda təsadüfən Qələbə müəlliməni axtarıb tapmışdım. Danışanda çox sevinmişdi ki, onun şagirdi artıq tələbə olub. 2-3-cü sinifdə Tahirə müəllimənin sinifində oxuyurdum. Tahirə müəllimə atamın da ibtidai sinif müəllimi olub. Onun barəsində heç bir məlumatım yoxdur. Bilmirəm həyatdadırmı.

 

 

­- O vaxtkı məktəbli qız Kərkicahandan köçdüyü anları necə xatırlayır?

 

­- Bizim evimiz Xankəndidə idi. Təəssüf ki, 1988-ci ildə ilk yanan ev bizimki olduğu üçün oranı tərk etmək məcburiyyətində qaldıq. Evimiz Kərkicahanla Xankəndinin arasında yerləşirdi. Kərkicahana hücum edildiyi anda biz oranı tərk etməli olduq. Evdən uzaqlaşmağımızdan təxmini 15 dəqiqə keçmişdi ki, 300 metr aralıdan evimizin yandığını öz gözlərimlə gördüm…Həmin səhnə çox təsirli idi. Nənəmlə babam Kərkicahanda yaşadıqları üçün onların yanına getdik. Bu anlar mənim üçün uşaqlıq travması kimi qaldı. Hər gün atışma ola bilər deyə ayıq-sayıq yaşayırdıq. Tez-tez deyirdilər ki, bu gün ermənilər hücum edəcəklər. Stress içərisində yaşamaq uşaq üçün çox böyük travmadır. Yadımdadır, gecələr atılan silahların qırmızı işıqlarını görürdük. Təxmini 3 ay Kərkicahanda oxuduqdan sonra Anamın valideynlərinin yanına, yəni Bərdəyə köçdük. 4-cü sinfi Bərdədə oxudum, 5-ci sinifdə yenidən Kərkicahana qayıtdıq və Kərkicahanın işğalına qədər orada oxudum.

 

- Tez-tez məktəb dəyişməyiniz sizə nə kimi çətinliklər yaratdı? Bu sizin dərslərinizə təsir etdimi?

Açıklama yok.

 

- Uşaqlıqdan dərslərimi yaxşı oxumuşam. Hələ Kərkicahanda oxuyanda yaxşı oxumağımla bağlı tərifnamə də almışdım. Məktəblərin hər birində əlaçı şagird idim. Ancaq adaptasiya dövrüm travmam kimi yaddaşda qalıb. Başqa variantım olmadığı üçün dərslərimi yaxşı oxuyurdum. Uşaqlıq arzum ali təhsil almaq idi. Oxudum, çalışdım və Azərbaycan Tibb Universitetinə qəbul oldum. Dərslərimdə uğurlu olsam da, bu hadisələr psixologiyama zərər verdi. Sonrakı illərdə məndə panik atak yarandı. Həkim kimi araşdırdım və bəlli oldu ki, buna səbəblərdən biri də uşaqlıqda keçirilmiş travmalardır.

 

­- Məcburi köçkünlüyün nə qədər çətin olduğunu bilsək də onu sizin kimi təsvir edə bilmərik…O dövrlərlə bağlı nə deyə bilərsiniz?

 

- Evimiz yananda hər bir əşyamız kül oldu. Kərkicahana gedəndə qəsəbə sakinləri gəlib bizə yardım edirdilər. Çünki evdən çıxanda heç geyinməyə əynimizə paltar da götürə bilməmişdik. Bərdəyə gəldikdə isə nənəmgilin evində qalırdıq. Ancaq Bərdəyə gələn digər məcburi köçkünlərin evləri, əşyaları olmadığı üçün kəndlilər onlara köməklik edirdilər. Onlar çox şəəraitsiz vəziyyətdə çadır şəhərciyində yaşayırdılar. Bərdədən sonra biz Bakıya köçdük. Dəfələrlə yarım qalan təhsilimi Bakıda 246 nömrəli məktəbdə tamamladım..

 

- Bakıya adaptasiya prosesiniz necə oldu?

 

- Xatırlayıram nənəmgilin evi Kərkicahanın ən hündür yerində idi. Oradan baxanda Xankəndidəki evimiz görünürdü. Həmişə o evə həsrətlə baxırdım. Bakıya gələndən sonra artıq Xankəndi, eləcə də evimiz mənim üçün bir xəyala çevirilmişdi. Düşünürdüm ki, heç vaxt evimizi görə bilməyəcəm. Canımın yarısı Qarabağda qalıb. Xankəndi azad olunanda Almaniyada idim o an bilmədim ki, nə edim. Sevincimdən hislərimi boğmağa çalışırdım. O anları heç bir sözlə ifadə edə bilmirəm. Mənim xəyalım gerçəkləşmişdi. Ancaq təəssüf ki, anam bu günləri görə bilmədi...Onun da ən böyük arzusu Xankəndinin azadlığını görmək idi. Çox təəəssüf ki, reallaşmadı.

 

- Xankəndi azad olunandan sonra oraya getmisiniz?

 

- Ali Baş komandanımız və şəhidlərimizin sayəsində mənim xəyalım gerçək oldu Qarabagımız qayıtdı, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hələ ki, Xankəndiyə getməmişəm, amma çox istəyirəm ki, gedim. Dost, tanış ora gedəndə mənə şəkillər göndərirlər. Düzü indi oralar çox dəyişib. Evimizi də təmir ediblər. Uşaqlıqda gördüyüm ev deyil. Rəngi, forması tamamilə dəyişib. Hər bir halda şükür edirəm ki, evimiz var, sənədləri də hazırdır. İnşallah yaxın günlərdə evimizə qayıdacayıq.

 

­- Yaşadığınız travmalar, sarsıntılar yaşınıza görə çox ağırdır. Ancaq buna baxmayaraq təhsildə uğur qazanmısınız. Sizə stimul verən amil nə olub?

 Açıklama yok.

- Mənim valideynlərim hər zaman mənə dərsdən, təhsildən bəhs ediblər. “Yaxşı oxu, universitetə qəbul ol” düşüncəsi ilə böyümüşəm. Açığı, bir az psixoloji təsir etmişdilər. 11-ci sinfə qədər hüquq sahəsini istəyirdim. Düşünürdüm ki, prokurur olacam. Son anda fikrimi dəyişib tibb sahəsinə yönəldim. İstərdim öz fəaliyyətimi doğma diyarda - Xankəndində davam etdirim.