Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-21 20:16:00
Azərbaycanlı alim beynəlxalq konfransda məruzə etdi

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində keçirilən "Biocoğrafiyanın aktual məsələri" adlı beynəlxalq konfransda 90-dan artıq mütəxəssisin iştiraki ilə  müasir tədqiqatlar və gələcək elmi  istiqamətlərin müzakirəsi aparılıb. AzEdu.az xəbər verir ki, konfrans Sankt-Peterburq Dövlət Universitetinin Botaniki Coğrafiya Kafedrasının yaradılmasının 100 illiyinə həsr olunub.

 

Proqram çərçivəsində bitki örtüyünün müasir tədqiqi, xüsusilə məsafədən zondlama üsullarının tədbiqi məsələlərinə xüsusi yer ayrılıb.

 

Konfransda ölkəmizi təmsil edən AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev “İntroduksiya şəraitində oduncaqlı bitkilərin toxumlarının coğrafi keyfiyyət dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində aparılan müqayisəli rentgenoqrafik tədqiqatlar nəticəsində öyrənilən oduncaqlı bitkilərin təbii arealında və introduksiya şəraitində toxumların coğrafi keyfiyyət dəyişkənlikləri haqqında məlumatları təqdim edib.

 

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və suallar cavablandırılıb.

 

Səfər çərçivəsində Vahid Fərzəliyev Sankt-Peterburq Botanika Bağında olmuş, burada olan yeni yaradılmış canlı bitki kolleksiyaları ilə yaxından tanış olub.