
Peşəsinə can yandıran, əməyini sevən, uzaqlıq-yaxınlıq bilmədən boranda, çovğunda evindən, ailəsindən uzaq düşüb təhsil vermək, bilik öyrətmək üçün illərlə işləyən müəllimlər var.
Hansı ki, onların tək məqsədi ucqarda yaşayan uşaqların təhsil almasında rol oynamaqdır.
AzEdu.az Təhsil Portalı “Fədakar müəllim” rubrikası altında uzaq məsafə qət edərək dərs deməyə gedən müəllimlərlə silsilə müsahibələr təqdim edir.
Növbəti müsahibimiz Nuranə Məmmədova həftədə iki dəfə Sumqayıtdan Qubanın ucqar dağ kəndinə tarix fənnini tədris etmək üçün gedib-gəlir.
- Nuranə müəllim, özünüzü oxucularımıza tanıtmağınızı istəyərdik...
- Mən Məmmədova Nuranə Zaman qızı. 1990-cı ilin martın 15-də Goranboy rayonunda anadan olmuşam. 2007-ci ildə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə daxil olmuşam. 2017-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Quba rayonu Famil Bayramov adına Qarxun kənd ümumi orta məktəbinə təyin olunmuşam. Qeyd edim ki, həmin kənd rayondan 78 km məsafədə yerləşir. O məktəbdə 1 il işlədikdən sonra analıq məzuniyyətinə çıxdım. 2022-ci ildə yenidən MİQ-də iştirak edərək müqavilə ilə Qubadlı rayonu Çardaxlı kənd tam orta məktəbində fəaliyyət göstərdim. Daha sonra yenidən MİQ-də iştirak edərək Quba rayonu Qəçrəş kənd tam orta məktəbinə təyin olundum. Sentyabr ayından etibarən fəaliyyətimi bu məktəbdə davam etdirirəm. Həftədə iki dəfə Sumqayıtdan Qubaya gedib-gəlirəm.
- Əvvəlki məktəblərdə çalışarkən orada daimi qalırdınız, yoxsa gedib-gəlirdiniz?
- İlk iş yerimdə çalışarkən qızım 3 yaşında idi. Onunla birgə Qubanın Qarxun kəndində kirayə yaşayırdıq. Yoldaşım işiylə əlaqədar daimi yanımızda qala bilmirdi. Həmin kənd çox ucqarda- Babadağın ətəyində yerləşirdi. Kəndə gün ərzində bir maşın gedib-gəlirdi. Səhər saat 6-nın yarısı kənddən çıxan maşına çatdırıb minə bilməsəydin həmin gün kənddən rayona çıxa bilmirdin. Rayon mərkəzindən kəndə getmək üçün daşlıqlarla, dolanbaclarla 2,5 saatlıq yol qət etmək lazım idi. Kənddə nə qaz, nə də odun vari idi. Peçi yandırmaq üçün təzəkdən istifadə edirdik. İlk dəfə o kəndə gedəndə öz-özümə dedim ki, Azərbaycanda hələ də belə bir kənd var imiş?! İkinci iş yerim olan Qubadlı rayonu Çardaxlı kənd məktəbi Ceyranbatanda yerləşdiyi üçün Sumqayıtdan gedib-gəlirdim. Məsafə çox olmadığı üçün o qədər də əziyyət çəkmirdim.
- Qubada işlədiyiniz məktəblər ucqar dağ kəndlərində yerləşir. İlk iş yerinizdə yaşadığınız çətinliklərlə bağlı nələr deyə bilərsiniz?
- Qarxun kənd məktəbində işləyəndə daimi o kənddə yaşadığım üçün şəraitlə bağlı bir sıra çətinliklərlə qarşılaşmışam. O vaxta qədər ocaq yandırmağı bilmirdim. Hansı ki, qızınmaq üçün sobanı təzəklə yandırmalı idik. Gün olurdu ki, elektriklər kəsilirdi. Külək olanda sobanın tüstüsü evə dolurdu. Hava çox soyuq olduğu üçün su çənləri donurdu. Buna görə də heç kimin evində hamamı yox idi. Əvvəlki dövrlərdəki kimi su isidərək, ləyəndə yuyunurdular. Körpə uşaqla yaşamaq mənim üçün çətin idi. Onu təmiz saxlamaq, çimdirmək, evi isitmək çətin başa gəlirdi.
Amma yenə də həmin vaxtlar çox xoş xatirələrlə yadımda qalıb. Kirayə pulunu verəndə ev yiyələri götürmək istəmirdi, güclə pulu onlara verirdim. Kənd sakinləri çox səmimi, gözəl insanlar idilər. Mənə deyirdilər ki, o qədər uzaq məsafə qət edib gəlib kənddə dərs keçdiyiniz üçün sizdən pul almağımız düzgün deyil. 1 il zorla onlara kirayə haqqın verə bildim. Hələ də sakinlərlə əlaqəmiz var. Qeyd edim ki, həmin kənddə 9-cu sinif şagirdlərinin hamısı qız idi və təəssüf ki, onlar məktəbə getmirdilər. Kənd sakinləri deyirdilər ki, 40 ildən sonra çalışan ilk qadın müəllimə sizsiniz. Mən o məktəbdə işləyəndən sonra 9-cu sinifdə oxuyan qızlar dərsə gəlməyə başladı.
- Nuranə müəllim, bir məsələ diqqətimizi çəkdi. Qeyd etdiniz ki, sizə qədər valideynlər qızlarını məktəbə getməyə qoymurdu. Buna səbəb nə idi?
- Məndən əvvəl məktəbdə yalnız kişi müəllimlər fəaliyyət göstərirdi. Bu səbəbdən valideynlər qızlarını məktəbə qoymurdular. Azərbaycanın bəzi kəndlərində hələ də qız uşaqlarını 7-8-ci sinfə qədər oxudurlar. Ondan sonra artıq qızlar məktəbdən uzaqlaşırlar. Mən gedənə qədər qızlar məktəbə tək-tək gəlirdilər. Həm kənd sakinlərinin sayı az idi, həm də siniflərdə 6-7, hətta 3 şagird belə olurdu. 9-cu sinifdə 6 qız oxuyurdu. Kəndin qadınları çox utancaq idi. Başlarını həmişə şalla örtürdülər. Sanki o kənd 30 il geridə qalıb. Geyimləri, eləcə də həyat tərzləri ilə 90-cı illəri xatırladırdı. Oradakı insanlar çarpayıda yox, döşəmədə döşəyin üzərində yatırlar, yeməyi masada yox, yerə süfrə sərərək yeyirlər. Qızların 9-cu sinif buraxılış imtahanı üçün şəkillərini belə mən çəkirdim. Sevinirəm ki, məndən sonra o kəndə başqa qadın müəllimlər də getdi. Şagirdlərin inkişafı da təqdirəlayiqdir. Bu il fənn olimpiadalarında 1 şagird rayon səviyyəsində 1-ci yerə çıxdı. O kəndə gedəndə məktəb çox acınacaqlı vəziyyətdə idi. Balaca 3 sinif otağı var idi. Ancaq 2019-cu ildə modul tipli məktəb istifadəyə verildi.
- Çox müəllim ucqar dağ məktəbində çalışmaq istəmir. Bəs, siz ucqar dağ kəndinə təyin olunduğunuzu biləndə necə hislər keçirdiniz?
- MİQ imtahanına çox az müddətdə hazırlaşmışdım, ancaq topladığım bal yaxşı idi. Xatırlayıram gecə saat 2-yə qalmış cavablar çıxdı. Tez şəxsi kabinetə daxil olub baxdım ki, qəbul olmuşam. Necə sevindimsə yoldaşım səsimə yuxudan oyandı. Həmin gecə internetdə kəndi axtarış verdik, amma tapa bilmədik. Səhərsi gün Təhsil Şöbəsindən kəndin yerini öyrənib getdik. İlk dəfə gedəndə yol bizə çox çətin göründü. Ancaq gedib kənd sakinlərini, eləcə də uşaqları görəndə çox sevindim. Uşaqlar həyəcanla baxırdılar ki, kəndə illər sonra ilk qadın müəllim gəlib. Kənddəki qadınlar da çox sevinirdilər. Özümü “Çalıquşu” serialındakı Fəridə kimi hiss edirdim. Fəridə insanların həyatını dəyişdiyi kimi mənim də arzum insanların həyatına toxunmaq, özümdən nələrsə qatmaq, qızların təhsilə cəlbində fayda vermək idi. Söhbət əsasında bildim ki, qızları təhsildən uzaqlaşdırırlar. Məktəb direktoru çox yaxşı insan idi. Bir neçə gün bizi öz evində qonaq etdi. O kəndə gedəndə hiss elədim ki, uzaq yoldan bura gəldiyimə dəyəcək. Çox qürür hissi duyurdum. Uşaqlıqdan müəllim olmaq istəyirdim. Bilmirəm təsadüfmü oldu ya necə, amma arzum ucqar dağ kəndində işləmək idi. Mən arzuma çatdım.
- Hava şəraiti ilə əlaqədar işlədiyiniz dövrdə ekstremal vəziyyətlə üzləşdiyiniz olubmu?
- Çox üzləşmişəm. Kənddə çayın üzərində taxtadan körpü var idi. Hər dəfə onun üstündən maşınla keçəndə çox silkələnirdi. Bir dəfə yenə oradan keçəndə az qala maşın aşırdı. Özümə görə yox, amma körpə övladıma görə çox qorxmuşdum ki, birdən ona nə isə olar.
Bir dəfə də kənddə güclü tufan olmuşdu. Bu səbəbdən 1 gün kənddə elektirik olmadı. Evin pəncərələri, qapısı taxtadan idi. Ona görə də tufan evin içində fırlanırdı, soba sönürdü. Həmin iki günü çox çətinliklə keçirdik. Qonşunun evi təmirli idi. Ona görə də vaxt bizi evinə dəvət etmişdi. Xatırlayıram ki, o 2 gündə çox ağır xəstələnmişdim. Bir müddət buna görə müalicə aldım.
Bir neçə dəfə də dərsə gedərkən qarda yıxılmışam. Evlər təpələrin başında idi. Həmin təpələri aşana kimi qarda neçə dəfə yıxılmışam. Yıxıla-yıxıla dərsə gedib çatırdım.
- Hazırda işlədiyiniz Qəçrəş kənd məktəbinə necə gedib-gəlirsiniz? Yollarla bağlı hər hansısa probleminiz olur?
- Səhər 6-nın yarısı mən və bir neçə müəllimə Sumqayıtdan çıxıb, saat 8-in yarısı Qubaya çatırıq. Oradan başqa maşınla Qəçrəş kəndinə gedirik. Qəçrəş Qarxun qədər uzaq olmasa da yolları çətin, dolanbaclıdır. Son günlər qara görə yollar buz bağlamışdı. Sumqayıtdan Qubaya gedənə kimi qorxa-qorxa getmişdik. Keçən il qarlı havada 2 müəllim bu səbəbdən qəzada dünyasını dəyişmişdi. İnsan həmin hadisələri fikirləşdikcə qorxur, amma bir tərəfdən də düşünürəm ki, şagirdlərim məni gözləyir. Axı onların yanına getməliyəm...
- Uzaq yol getməyinizlə bağlı heç olub ki, dərsə gecikəsiniz? Uzaq məsafəyə görə məktəbi dəyişmək istəyirsiniz?
- Bəli, olub. Son dəfə dərsə gedəndə 10 dəqiqə gecikmişdim. Direktor da hava şəraitini nəzərə alıb vəziyyətimi anladı. Başqa heç vaxt dərsə gecikdiyimi xatırlamıram.
Hamı istəyir ki, özünə, yaşadığı yerə yaxın məktəbdə çalışsın. Uzaqda işləyəndə ailədən də, övladdan da uzaq olur insan. Hazırda iki azyaşlı övladım var. 1 gün səhərdən axşama kimi onların üzünü görmürəm, nigaran qalıram. İstəyərdim dəyişim, amma bir tərəfdən də 5-ci siniflərim var və onlar hər dəfə deyirlər ki, “müəllim bizə 11-ci sinfə kimi dərs keçin, bizi qoyub getməyin” onların simalarını, səslərini fikirləşəndə iş yerimi dəyişmək istəmirəm.
- Tarixi şagirdlərə sevdirmək, mənimsətmək üçün hər hansısa metodlardan istifadə edirsiniz?
- Uşaqlarla çoxlu yarışlar keçiririk. Fevral ayında da 2 sinif arasında bir yarış daha təşkil edəcəyik. Onlara sertifikat, fəxri fərmanlar verirəm. Kurikulum sistemində həyata keçirilən iş üsulundan istifadə edirəm. Məsələn: “Mən kiməm?”, “Auksion” , “Beyin həmləsi” və s. Bu cür təşkil etdiyimiz dərslərdə direktor da iştirak edib, razı qalır.
- İlk dərs gününüzü necə xatırlayırsınız?
- İlk dərsim 5-ci sinfə idi. Sinifdə cəmi 3 şagird var idi. Uşaqlarla tanış oldum, yönəldici suallar verib, bilik səviyyələrini ölçdüm. Dərs bitəndə onlara ev tapşırığı verdim, onlar çox yaxşı hazırlayıb gətirmişdilər. Ondan sonra daha da həvəslə məşğul olmağa başladım. Kənd uşaqları olmaqlarına baxmayaraq oxumağa həvəslidirlər.
- Şagirdləriniz arasında müəllim olmaq istəyənlər var? Onlara nə məsləhətlər verirsiniz?
- 9-cu sinifdə Əli adlı şagirdim var. O da tarix müəllimi olmaq istəyir. Ona bilmədiyi mövzuları yenidən izah edirəm. Əlaqə nömrəmi də vermişəm ki, hansı mövzu çətindirsə yaz sənə məlumat verim. Bununla yanaşı müəllimliyin çətinliklərini də izah edirəm, amma Əli deyir ki, mən də sizin kimi ucqar kənddə işləmək, uzaqda qalan uşaqlara kömək etmək istəyirəm.
- Gələcək fəaliyyətinizi hansı sahədə davam etdirmək istəyirsiniz?
- Bir söz var, deyirlər general olmaq istəməyən əsgər, əsgər deyil. Mən də istəyirəm ki, təhsildə müəyyən qədər işlər görüm, hədəflərimə çatım. Ən böyük hədəf və arzularımdan biri isə direktor olmaqdır.
- Evdən uzaqda işləməyinizə ailənizin münasibəti necədir?
- Yoldaşım ən böyük dəstəkçimdir. O, mənim həvəsimi görür və daim dəstəkləyir.
- Yola hər ay nə qədər xərciniz çıxır? Maaşınız sizi qane edir?
- Maaşımın yarısı demək olar ki, yol puluna gedir. Sözün düzü maaşlar artırılsa, yaxşı olardı. Hər ay 200 manat yol pulu verirəm.