_872.jpg)
AzEdu.az hamının tanıdığı sənət adamları, ictimai şəxslər, idmançılar, media nümayəndələrinin məktəb illərindən eləcə də oxuduğu kitablardan bəhs edən silsilə yazılarını davam etdirir.
Bu dəfəki qonağımız Azərbaycan kinosunda bir çox məşhur rolları ilə sevilən aktyor, Xalq artisti Ənvər Həsənovdur.
Xeyli sayda kitab oxuduğunu deyən Ənvər Həsənov, mütaliəyə marağın böyük olduğunu bildirib:
“Mən çox mütaliə etmişəm. Amma təəssüf ki, iki ildir, kitab oxumuram. Səhhətimlə əlaqədar nə kompüterə yaxın gedirəm, nə ismarıc göndərə bilirəm nə də kitab oxuyuram. Son vaxtlar isə boş vaxtlarımda ancaq krossvord doldurmaqla məşğul oluram.
Evimdə 1500-ə qədər kitab var, ömür boyu kitab həvəskarı olmuşam. Kitaba həvəsim o qədər çox olub ki, hətta kitab dalınca Slovakiya, Almaniyaya qədər getmişəm. Bunu yaxın dostlarım da bilir . Evimdə çox nadir kitablarım da var.
Bu gün sizi inandırım ki, hərdən nəvələrimə, uşaqlarıma baxıb, deyirəm ki, ay Allah, bu qədər kitabı mən niyə yığmışam?!
Onları da qınamıram, çünki əllərindən kompüter düşmür, onları nə maraqlandırırsa, elə kompüter vasitəsilə öz istəklərini, arzularını həyata keçirirlər.
Amma bizim zamanımızda bu, bir qədər fərqli idi. Bizim bütün öyrəndiklərimiz, bildiklərimiz, ekrana çıxardıqlarımızın hamısı kitab vasitəsilə olurdu.
Mən 2008-ci ildə qəza keçirdim səhhətimdə problem yarandı. Başımda olan damarların biri səhv tikildi ona görə başımda bu an elə səs var ki, on ildir mən o səslə yaşayıram. Onun qarışısını da almaq olmur. Çətinliklə yatır, eləcə də dururam. Bu səbəbdən, çox əziyyət çəkirəm və ona görə də çox zaman oxuduqlarımı xatırlamıram.
Çox zaman yanımda insanların adını çəkirlər, amma inandırım sizi, adlarını xatırlaya bilmirəm.
Mənə hörmət edən, tanıdığım dostlarım da bilir ki,bütün bunlar mənim üçün nə qədər çətindi. Mənə salam göndərirlər, məsələn, Tofiq adlı birisi sənə salam göndərir, soruşuram ki, hansı Tofiq, harada işləyir? Deyirəm ki, məni qınamayın, üzünü görəndə yadıma sala bilirəm ki, bu insan kimdir”.
Ənvər Həsənov məktəb xatirələrini və o illərdə sevdiyi məşğuliyyətini də bizimlə bölüşüb:
“Mən hələ 8-ci sinifdən Kinostudiyaya gəlib, burada rejissor köməkçisi kimi iş fəaliyyətinə başladım. 15 yaşımdan kinodayam və 50-dən çox filmə çəkilmişəm . Azərbaycanın ən güclü rejissor, aktyor, rəssam və bəstəkarları ilə bərabər işləmişəm.
Rejissorlardan Ədil İsgəndərov, Tofiq İsmayılov, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Arif Babayev, aktyorlardan Məmmədrza Şeyxzamanov, Mirzə Babayev, Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Muxtar Maniyev və neçə-neçə böyük kino xadimləri ilə çalışımışam.
Məktəb illərində isə çox sakit deyildim, əksinə, dəcəl uşaq olmuşam. İçərişəhərdə böyüyən uşaqlar çox zaman diribaş olurlar, mən də orada böyümüşəm. Məktəb illərində idmanla məşğul olmuşam, 7 idman növü üzrə dərəcəm var. Həyatımın çox hissəsini demək olar ki, idmana həsr etmişəm. Məktəb illərində kinostudiyada aktyorluq fakültəsində oxuyur, həm rejissor köməkçisi kimi işləyirdim. Üstəlik, gecələr də gecə məktəbinə gedirdim.
Məktəb illərində ən xoşladığım fənn Tarix, Coğrafiya, Rus dili olub. Dərslərimdən kafi qiymət də almışam. Açıq etiraf edim ki, məktəb illlərində mən “əlaçı” şagird olmamışam.
Müəllimlərlə münasibətim də yaxşı olub onlara hər zaman hörmət etmişəm eləcə də onlarda mənə. Müəllimlərimin hər zaman sevimlisi olmuşam onlar məni çox istəyirdi. Məktəb illərində dəcəl şagird olmağıma baxmayaraq amma yadıma gəlmir ki, müəllimin məni döysün bu kimi hadisələri xatırlamıram”.
Qeyd edək ki, Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Günel Yaşarqızı