Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 11:29:00
“Azərbaycanda “Nobel”in şərtlərinə cavab verən heç kəs yoxdur” – Xalq yazıçısı Anar

“Mən heç bir vaxt "Nobel" mükafatı almaq həvəsində olmamışam. Çünki həvəs azdır, "Nobel”in şərtləri çoxdur, o şərtlərə Azərbaycanda cavab verən hələ heç kəs yoxdur”.

AzEdu.az-ın məlumatına görə, bunu Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Yeni Müsavat”a müsahibəsi zamanı deyib.

O bildirib ki, "Nobel”i almamışdan əvvəl gərək dünyada tanınasan:

“Mən deyə bilmirəm ki, bizim dünyada tanınan yazıçımız var. Mənim haqqımda "Dünyaca şöhrətli” deyiləndə deyirəm mən dünyaca şöhrətli deyiləm. Kim özü haqqında belə deyir, öz işidir. Amma mən hesab edirəm ki, bizim dünyaca şöhrətli yazıçımız yoxdur. Xaricdə çap olunmaq hələ dünyaca şöhrətli olmaq deyil. Ola bilsin sən 5-10 ölkədə çap olunubsan, amma təkcə kitabın çıxması vacib deyil. Vacibdir ki, bu kitaba reaksiya necədir? Kitab çıxandan sonra ona mətbuat necə reaksiya verdi, tənqid necə baxdı, ədəbiyyatşünaslar necə qiymətləndirdi? Onda deyə bilərsən ki, hə, məni dünyada tanıyırlar.

Yoxsa kitabı çıxmaqla insan tanınmır ki. O kitaba olan münasibətlə, reaksiya ilə tanınır. O cəhətdən bizim çox talantlı yazıçılarımız var. Hesab edirəm ki, doğrudan da o şərtlər olmasaydı, elə "Nobel”ə də layiqdirlər. Amma dediyim şərtlər ki, var, yalnız ondan sonra "Nobel” almaq olar, o kriteriyalara, o meyarlara bizim heç birimiz cavab vermirik. Əlbəttə, burada siyasətin də rolu böyükdür. Çox vaxt, xüsusilə son zamanlar əsərin bədii dəyərindən daha artıq müəllifin siyasi mövqeyi əsas rol oynayır”.

Xalq yazıçısı müsahibəsində qeyd edib ki, çağırıldığı məktəblərə hər zaman gedir:

“Hətta ən adi məktəblərə gedirəm. Elə 20 gün bundan qabaq Hövsandakı bir məktəbə dəvət etmişdilər. Getdim, orada da çox maraqlı görüş oldu, çox sevindim. Başqa məktəblərə də gedirəm. Ali məktəblərə çağıranda da gedirəm. Hara çağırırlarsa, imtina etmirəm, amma özüm heç vaxt demirəm ki, məni çağırın, ya mənimlə görüş keçirin. Universitetlərdə maraqlı görüşlər, maraqlı suallar olur.

ADA-da görüşümüz oldu, nə qədər kitab imzaladıq onlara. Mənimlə Çingiz Abdullayev getmişdi. Bundan başqa, bir liseydə görüşümüz olmuşdu. Sonra BDU-nun filologiya fakültəsində görüşüm oldu. Yəni hara çağırırlar, mən məmnuniyyətlə görüşə gedirəm”.