Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 11:57:00
“Həbsxanada Cümhuriyyətlə bağlı müsabiqə etdik, hamısı kitab hədiyyəsi qazandı” –Məhbəs gizlinləri

Əliməmməd Nuriyev: “Bizdə məhkumların cəzası azaldılan zaman onların kitab oxumaları da nəzərə alınır”

“Məhkum vaxtından əvvəl azad olunarkən onun  kitabxanadan hansı intensivliklə istifadə etməsi də nəzərə alınan faktordur. Yəni, qanunda kitab oxumağa görə cəzasının azaldılması qeyd edilməsə də, bu amil nəzərə alınır”.

Maksim Qorkinin sözlərinə görə, “kitablar insanlara hörmət etməyi öyrədəcək, ürəkləri dünya və insanlıq sevgisiylə dolduracaq”.

Bu sevgiyə ən çox ehtiyacı olanlar isə cəzaçəkmə müəssisələrindəki insanlardır. Çoxları onların yalnız ən ağır cəzalarla islah edilə biləcəyini düşünür. Kitabın bir insanı nə dərəcədə islah etməsi haqda düşündükdə isə məhkumlara mütaliə üçün hansı şəraitlərin yaradılması sualı yaranır.

Məsələn, Braziliyada məhbusun oxuduğu hər kitaba görə, cəza müddəti 4 gün azaldılır. Beləcə həbsxanalar cəmiyyətə yalnız islah olunan deyil, həm də savadlı insan buraxır.

Bəs dünya ölkələrində belə təcrübə olduğu halda ölkəmizdə məhkumlar üçün hansı mütaliə imkanları yaradılıb?

“Cəzaçəkmə müəssisələrində dedektiv janra maraq böyükdür”

Mövzu ilə bağlı AzEdu.az-a danışan  Konstitusiya Araşdırmlar Fondunun prezidenti, sabiq millət vəkili Əliməmməd Nuriyev bildirib ki, bütün cəzaçəkmə müəssislərində kitabxana fondu fəaliyyət göstərir. Burada 30 000-dən çox kitab var. Fondda həm kiril, həm də latın qrafikası ilə, müxtəlif dillərdə olan kitablar yer alır.

Həbsxanaya kitabların necə gətirilməsi məsələsinə gəlincə isə Əliməmməd Nuriyev bildirib ki, bu, müxtəlif yollarla təmin olunur: mərkəzləşmiş qaydada, ictimai komitə və məhbusun tanışları vasitəsilə:

““Konstitusiya” Araşdırmalar Fondu bir neçə dəfə feysbukda elan verməklə cəzaçəkmə müəssisələri üçün kitablar toplayıb. Bu kitablar məhbuslara təqdim edib. Qeyd edim ki, burada yüzlərlə nüsxədən söhbət gedir.

Dost-tanışı məhbusa baş çəkdikdə yalnız qadağan olunmayan kitabları gətirə bilər.

Qadağan olunan kitablar dini fanatizm, terrorizm, ekstremizmi təbliğ edir, müxtəlif zorakı cərəyanların fəaliyyəti ilə bağlı olurlar. Belə kitabların cəzaçəkmə müəssisəsinə daxil edilməməsi normaldır. İstənilən cəzaçəkmə müəssisəsinə daxil olan kitab öncə araşdırılır. Bu, dünyanın hər ölkəsində belədir. Məhbuslar özləri də dediyim məzmundan kənara çıxmayan kitabları aldıra bilərlər.

Artıq həbsxanalara dini ədəbiyyatlar da daxil olub. Çünki hər cəzaçəkmə müəssisəsində dini ibadətgahlar fəaliyyət göstərir. Burada inanclı insanlar həm ibadət, həm də dini ədəbiyyatı mütaliə edə bilərlər. Dini kitabları isə Qafqaz Müsəlmanlar İdarəsi, Provaslav kilsəsi, Sinaqoq, Katolik göndərir”.

“Penitensiar xidmət istedadlı məhbusların kitablarını çap etməyi öz üzərinə götürüb”

Onun sözlərinə görə, kitabxananı elə məhbuslar idarə edirlər. Onlar arasından bir nəfər gündəlik bir kitabxanaçı təyin olunur:

“Kitabxanalarda mütaliə üçün çox yaxşı şərait var. Məhbuslar orada da, istirahət yerlərində də mütaliə edə bilərlər. Bundan əlavə, cəzaçəkmə müəssisələrinə hər gün dövrü mətbuat daxil olur. Hər məhbus öz hesabına dövrü mətbuata üzv ola bilər.

Məhkumların mütaliə üçün kifayət qədər boş vaxtları olur. Hətta bəzi məhkumlar əcnəbi dillərin öyrədilməsi ilə bağlı dərnəklər təşkil edirlər.

Burada məşhur ədəbiyyat nümayəndələri ilə görüşlər, kitabların müzakirəsi keçirilir. Hətta Ədliyyə Nazirliyinin Penitensiar Xidməti istedadlı məhbusların kitablarını çap etməyi öz üzərinə götürüb. Məsələn, ömürlük həbs cəzasına məhkum olunanlardan biri rus əsillidir. Penitensiar xidmət onun bir neçə kitabını çap edib və geniş müzakirəsini keçirib”.

Müsahib cəzaçəkmə müəssisələrində mütaliə üçün yaradılan şərait haqda danışsa da, resurs çatışmazlığı yaşandığını da bildirib:

“Yaxşı olardı ki, beynəlxalq və milli donorlar QHT-lər vasitəsilə bu proseslərə dəstək versinlər.

Məsələn, “Konstitusiya” Araşdırmalar Fondu azadlığa çıxan məhbuslar üçün 30 sual və cavabdan ibarət yaddaş kitabçası hazırlamışdı. Burada azadlığa çıxan məhbusun hansı işlər görməli, kimə necə müraciət etməli olduğu qeyd olunub. Onlara qanunların şərhi ilə bağlı kitabçalar da paylanır.

Məhkumlar arasında istedadlı şəxslər, yazıçı və şairlər də var. Heç kim cinayətdən sığortalanmayıb”.

“Məhbuslar əsasən detektiv kitablara üstünlük verirlər”

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində 100-ə yaxın məhkum hər gün kitabxanadan istifadə edir:

“Kitabxanaya gündəlik kimlərin daxil olması, hansı kitabı götürməsi ilə bağlı siyahı var. Monitorinq aparanda hər dəfə bu məsələni gözdən keçiririk. Buna əsaslanıb deyə bilərəm ki, məhbuslar əsasən detektiv kitablara üstünlük verirlər. Eyni zamanda, Azərbaycan ədəbiyyatının maraqlı romanları və klassiklərə də müraciət edirlər. Amma onlar arasında detektiv janra maraq böyükdür”.

“Kitab oxumayan məhkumlar rejim qaydalarını pozmağa meylli olurlar”

Ə. Nuriyev bildirib ki, istənilən halda cəzaçəkmə müəssisələrində stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir:

“Müəyyən müddət cəza çəkdikdən sonra məhkumun vaxtından əvvəl azad olunmaq və ya rejim növünün dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququ var. Bu işlərə müzakirələr zamanı baxılır. Məhkum özü də bu prosesə dəvət olunur. Bu zaman onun özünü necə aparması, mütaliəyə nə dərəcədə meylli olması da nəzər alınır. Mütaliə ilə bağlı müvafiq arayışlar təqdim olunur. Məhkum vaxtından əvvəl azad olunarkən onun  kitabxanadan hansı intensivliklə istifadə etməsi də nəzərə alınan faktordur. Yəni, qanunda kitab oxumağa görə cəzasının azaldılması nəzərdə tutulmasa da, bu amil nəzərə alınır.

Mütaliəyə meylli olan məhkumlar rejim qaydalarına ciddi əməl edirlər. Məhkum kitab oxuyaraq mülki həyatda olan vərdişlərini daha çox davam etdirmək imkanına malik olur. Kitab oxumayan məhkumlar rejim qaydalarını pozmağa meylli olurlar”.

Qeyd edək ki, bu yaxınlarda AMEA-nın Mərkəzi Elmi Kitabxananın əməkdaşları da cəzaçəkmə müəssisələrində kitab paylanması layihəsində iştirak ediblər.

Görüşlə bağlı təəssüratlarını AzEdu.az-a danışan Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü bildirib ki, əvvəllər məhbuslardan kitaba bu qədər diqqət görəcəyini zənn etmirdi:

“Hər halda, hər birimizdə “məhbus mütaliə etmir”-deyə bir düşüncə olur. Amma cinayət törədib və ya bilməyərəkdən oraya düşmələrinə baxmayaraq, cəmiyyətə adaptasiyaları üçün onlara diqqət göstərmək lazımdır. Belələrini unutmaq olmaz. Onlar üçün hər qurum öz profilinə uyğun müəyyən tədbirlər həyata keçirib maarifləndirici addımlar ata bilər. Unutmayaq ki, onlar da cəmiyyətin bir parçasıdır və diqqətə ehtiyacları var.

Kitab paylayanda məhbuslar arasında ciddi aktivlik var idi. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə bağlı suallar tərtib edib kiçik viktorina keçirdik. Öncə apardığımız kitabları məhbuslara fərdi şəkildə deyil, ümumi kitabxanaya verməyi düşünürdük. Amma viktorina qaliblərini fərdi mükafatlandırmaq qərarına gəldik. İnanın, bütün suallara düzgün cavab verdilər. Düzdür, elə də çətin suallar deyildi, amma orada hamı kitab qazandı”.

Kitabla islah olunanlar...

Onun sözlərinə görə, görüş zamanı yaxınlaşıb imzalı kitab istəyən məhbuslar da az deyildi:

“Yazar Rövşən Abdullaoğluda orada bizimlə idi. Bəzi məhbuslar ona yaxınlaşır, kitabın adına qədər deyir, hansısa ayrıca kitabı imza ilə verməyini xahiş edirdilər. Bu onu göstərir ki, belə insanları cinayət törətdiklərinə görə hər şeydən təcrid etməməliyik. Onlar da oxuyub maraqlanırlar. Aralarında çox mütaliəli insanlar da var. Onlar hələ də özlərini  bu cəmiyyətə aid hesab edirlər. Bəlkə də bəzilər bir də cəza törətməmək üçün bu kitablar vasitəsilə islah olunurlar.

“Məhbusları kitaba həvəsləndirəcək istənilən addıma getmək lazımdır”

Oxuduqları kitablara görə cəza müddətinin azaldılması fikrinə gəlincə isə Mübariz Göyüşov bildirib ki, bu, çox təqdirəlayiq olardı:

“Mən bunu səhv etmirəmsə Braziliya, və ya Argentina təcrübəsində eşitmişəm. Orada məhbusun il ərzində oxuduğu 12 kitaba görə cəzasından 48 gün azaldırlar. Məncə, bu çox möhtəşəm ideyadır. Milli Məclisdə bu kimi təkliflər səslənsə, çox yaxşı olardı. Məhbusların heç də hamısı çürümüş insanlar deyillər. Biz orada olarkən onların kiçik əməklə məşğul olduqları sexlə də tanış olduq. Orada elə gözəl əl işləri var idi ki. İnsan bu cür ciddi rejimli cəzaçəkmə müəssisəsində belə bacarıqlı insanların olmasına heyrətlənir.

Məhbusları kitaba həvəsləndirəcək istənilən addıma getmək lazımdır. Çünki kitabdan yalnız fayda götürmək olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları