
Oktyabrın 28–də Gürcüstanda prezident seçkiləri keçiriləcək və ölkə sayca beşinci prezidentini seçəcək. Bu seçkilər bir neçə səbəbdən əvvəlki seçkilərdən fərqlənir.
- Bu, prezidentin xalq tərəfindən seçildiyi son seçkilərdir. 2024–cü ildən prezidenti artıq üç yüz nəfərdən ibarət seçki kollegiyası seçəcək.
- Bu, hakim partiyanın öz nümayəndəsini öz sıralarından irəli sürməyib, müstəqil namizədini dəstəkldiyi ilk belə haldır.
- Hakimiyyət tərəfindən dəstəklənən müstəqil namizəd qalib gəlsə, bu, Gürcüstanda ilk qadın prezident olacaq.
Prezident seçkilərində müstəqil namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvili diqqət mərkəzindədir. Güman edilir ki, seçkilərdə məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq.
AzEdu.az Salome Zurabişvilinin təhsil həyatı ilə bağlı yazını təqdim edir.
Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransanın Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olub.
O, Fransanın ən nüfuzlu məktəblərindən birində - “İnstitut d'Etudes Politiques de Paris”də – oxuyub. 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunun “Beynəlxalq əlaqələr” ixtisasını bitirən xanım namizəd, 1972-1973-cü illərdə Nyu-Yorkun Kolumbiya Universitetində magistr pilləsində təhsilini davam etdirib. Həmin illərdə o, məşhur amerikalı politoloq, siyasi elm adamı Zbiqnev Bjezinskinin kurslarında iştirak edib.
Salome Zurabişvilinin fəaliyyət göstərdiyi yerlər:
- BMT-nin İran Monitorinqi üzrə Ekspert Qrupu (2010 - 2015)
- Siyasət Elmi İnstitutu, professor (2006 - 2015)
- "Gürcüstan Yolları" Partiyasının sədri (2006 - 2010)
- Gürcüstan xarici işlər naziri (2004 - 2005)
- Səfir (2003 - 2004)
- Təftiş, Strateji Departament (1996-2003)
- NATO-Qərb Avropa Birliyi (1993 - 1996)
- Fransanın Çad səfirliyi (1990 - 1993)
- ATƏT-in Avstriyadakı nümayəndəsi (1988 - 1989)
- Vaşinqtonda Fransanın Səfirliyi, Birinci Katib (1984 - 1988)
- Strateji Planlaşdırma Mərkəzi (1980 - 1984)
- Fransanın BMT-dəki nümayəndəsi (1977 - 1980)
- Fransa Xarici İşlər İdarəsi (Diplomatik Xidmət) (1974 - 2004)
- Fransanın İtaliyadakı səfirliyi, Üçüncü katib (1974 - 1977)