Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 14:05:00
“Sinfin qızları gözləmədiyim anda pencəyimi əynimdən çıxartdılar” – Tahir Kərimlinin məktəb xatirələri  

AzEdu.az hamının tanıdığı sənət adamları, ictimai şəxslər, idmançılar,  media nümayəndələrinin məktəb  illərindən, eləcə də oxuduğu kitablardan  bəhs edən   silsilə yazılarını davam etdirir.

Bu dəfəki  qonağımız Milli Məclisin deputatı,  Vəhdət  Partiyasının sədri  Tahir Kərimlidir.

Xeyli sayda kitab oxuduğunu deyən  Tahir Kərimli, mütaliənin onun üçün həyat tərzi olduğunu  bildirib:

“Oxumaq mənim üçün həyat tərzidir. Hazırda da   Əlisa  Nicatın  kitabını oxuyuram.  Ondan əvvəl  isə  ermənilərin  Azərbaycana təcavüzündən bəhs edən    Zəhra Quliyevin faciəsi ilə bağlı yeni   çapdan çıxmış kitabını  oxuyurdum.   Dayanmadan  oxuduğum ən mühüm kitab isə  Azərbaycan parlamentalizm tarixinə aid Musa müəllimin yazdığı kitabdır.

Gəncliyimdə adətən, bədii kitabları daha çox oxuyardım. Amma 14 yaşından atama məxsus  Karl Marksın “Kapital”,  Fridrix  Engelsin  “Anti-Dürinq” kitablarına  baxmaq  istəyirdim, amma başa düşmürdüm.

Həmin kitabları oxuduğumu sübut etmək üçün  içindəki şeirləri əzbərləyirdim.  Məsələn,  Şeksprin bir şeirini Karl Marks öz əsərində  misal gətirib, mən də   o  şeirləri  əzbər öyrənirdim.

İndi daha çox  siyasi -fəlsəfi mövzulu yaxşı bədii kitablar olanda, onları oxuyuram.   Görkəmli  rus yazıçısı   Lev Tolstoyun  İbrahim haqda kiçik məqaləsi var çox təsir edicidir onu övladlarımada oxuyardım  hətta idi nəvələrimə də oxuyuram .   

Uşaqlıqdan  Mirzə İbrahimovun “Gələcək gün” romanını çox  bəyənmişdim. Romanda İkinci Dünya  Müharibəsi    ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın  ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinlik və ustalıqla təsvir olunur. O roman mənim həyatımda,   hüquqşünas olmağımda böyük rol oynayıb.

“Gələcək gün” romanında Firudin  hüquq fakültəsinə ona görə daxil olur ki, öyrəndiyi respublikaçılığı, demokratik fikri öz ölkəsinə də tətbiq edə bilsin. Çünki xarici dövlətlərin  hüquq sistemi həmin fakültədə tədris olunurdu.  

İrland yazıçısı  Etel Lilian Voyniç   tərəfindən yazılan “Ovod” romanını da çox bəyənirəm.  Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya –Macarıstan İmperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. 

Arturun əqidəsi uğrunda  ailəsini qurban verməyi, öz ideyasını üstün tutmağı, inqilab uğrunda  mübarizliyi bu obrazı mənə hədsiz dərəcədə sevdirib”.

Tahir Kərimli XVIII əsrin görkəmli Azərbaycan şairi olan M.P.Vaqifin qoşmasını, Azərbaycan və türk  tarixində divan janrının ən  görkəmli nümayəndəsi olan M.Füzulinin qitəsini  bizim üçün əzbər söyləyərək  təhlil edib:

“M.P.  Vaqifin “Pəri”  qoşması  çox xoşuma gəlir. Orada Azərbaycan  xanımının sadəliyi, geyimi, gözəlliyi öz əksini  tapıb. Qoşmada gözəlin obrazı əks olunub. Həmin o şeiri  sizə indi də əzbər deyə bilərəm.

“Boyun sürahıdır, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri!

Sən ha bir sonasan, cüda düşübsən

Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,

Şəkər gülüşündən canlar təzəli,

Ellər yaraşığı, ölkə gözəli,

Nə gözəl doğubsan anadan, Pəri!

Azərbaycan klassik ədəbiyyatının  görkəmli nümayəndəsi Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsi  nə qədər mürəkkəb olsa da onu çox xoşlayıram.

Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.

Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri

Burada göstərir ki,  dünya sultanlarının var-dövləti, qoşunu hər şeyi əldən gedər. Amma mən söz sultanı olduğum üçün sözümün gücü dünyaları, okeanları, əhatə edər.

Başqa bir qəzəlində şair elə ilk beytdəcə eşqindən onu yalnız ölümün ayıra biləcəyini deyir: “Pənbəyi-daği-cünun içrə nihandı bədənim, diri olduqca libasım, ölər olsam kəfənim”.

Göründüyü kimi, lirik qəhrəman ölsə, ona çəkilən dağların üstündən basılan pambıqların kəfəni olacağını bildirir. Füzuli iki misralı beytlə dahi açılışlar, fəlsəfi fikirlər verə bilir”.

Tahir Kərimli məktəb  illərində gülərək yada saldığı xatirələrini də bizimlə bölüşüb:

“Mən Ağsu  şəhər   1 saylı orta məktəbi bitirmişəm. Məktəb illərində hər zaman “əlaçı” şagird olmuşam.  Ağsu  şəhər 1200 nəfərlik məktəbinin

 şagird komitəsinin sədri, sinif nümayəndəsi idim. O illərdə mən çox utancaq idim, hətta   heç pencəyimi də əynimdən çıxartmırdım. Ciddi və ağır təbiətli  şagird olmuşam.

Heç vaxt yadımdan çıxmaz,   bir dəfə  gözləmədiyim anda sinfin qızları pencəyimi əynimdən çıxartdılar ki,  səndə camaata qayna- qarış.  

Məktəb  illərində o zaman “Romoe və Cülyetta” filmi gedirdi  ona  baxmaq istəsəm də, utandığımdan izləməyə getmirdim.  

Orta məktəbdə  ən çox sevdiyim fənn Tarix idi.

Məktəb illərində  kafi  qiymətlərim də  olub,  bəlkə “2” də, “3”də almışam. Amma adətən, fənlərdən qiymətlərim  “5” olurdu.  

Elə qiymətlərdən danışmışkən, Tahir müəllim, başqa bir məktəb xatirəsinə də keçid alır:

 “Fizikadan hər dəfə dərsə hazır olmağıma baxmayaraq, bir dəfə yaxşı hazırlaşmamışdım.   Gözləmədiyimiz  anda   komissiya gəldi.

Həmin anda da dərsimi yaxşı öyrənməmişdim.  Fikirləşirdim ki, bu dəfə müəllim məndən dərs soruşmayacaq.

Yaxşı oxuyan şagird olduğum üçün müəllim yenidən məni lövhəyə çağırıb,  dərs soruşdu.

Cavab verməkdə  çox çəkdiyim  üçün  müəllim mənə “3” verdi. Müəllim özü də hirsləndi ki, sənə güvənib, lövhənin qarşısına çıxardım, amma sən məni biabır etdin...(gülür)

Dərslərimi hər zaman yaxşı oxumağıma baxmayaraq amma belə hallar da olub”.

Qeyd edək ki, Tahir Kərimli 1983-cü ildə BDU-nun  Hüquq fakültəsini bitirib. Hərbi xidmətdən sonra çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləyib. O, İsmayıllı rayon XDS-nin deputatı (1990-1993), AR Ali Sovetinin deputatı (1990-1995) olub. 

Günel Yaşarqızı