
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
23 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır:
Hər il ölkəmizdə 23 may günü, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
23 may 1923-cü ildə Bakıda Mərkəzi Dövlət Kitabxanası açıldı:
Hazırda Mirzə Fətəli Axundovun adını daşıyan bu kitabxana öz fəaliyyətini uğurla davam etdirməkdədir.
23 may Beynəlxalq Güləş Günüdür:
Bu gün Beynəlxalq Güləş Günü kimi qeyd olunur. Güləş idmanın ən qədim növlərindən biridir. Müntəzəm olaraq Olimpiadanın proqramında yer alan güləş mübarizə, əzmkarlıq, güc və dəyanətin rəmzidir. Türk və İslam dünyasında da məşhur olan güləş ata idmanımız sayılır. Təsadüfi deyil ki, bütün idman növləri arasında beynəlxalq yarışlarda, xüsusən də Olimpiadalarda, dünya və Avropa çempionatlarında Azərbaycan adına ən böyük uğurlara güləşçilərimiz imza atıb.
23 may Ümumdünya Tısbağa Günüdür:
Bu qeyri-adi bayram 2000-ci ildə Amerika Tısbağaların Qorunması Cəmiyyətinin (American Tortoise Rescue) təşəbbüsü ilə keçirilir. Bu təşkilat 1990-cı ildə Malibuda (ABŞ, Kaliforniya ştatı), şəhərin ətrafında yaşayan tısbağaların populyasiyasının qorunması üçün yaradılmışdır. Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir.