
Azərbaycanda uşaqlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin uşaqların hüquqlarının qorunması, sağlamlığı, sosial müdafiəsi prioritet sahələrdəndir. Ölkəmizdə son illərdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
AzEdu.az xəbər verir ki, 2023-2024-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alır.
Ümumi təhsil müəssisələrinin birinci sinfində 135 min 418, IX sinfində 152 min 536, XI sinfində isə 103 min 72 şagird oxuyur. Ölkədə 1668 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 107 min 202 nəfər uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Həmçinin məktəbəhazırlıq qruplarında 80 min 273 uşaq təhsil alıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 310 ümumi təhsil müəssisəsi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 481 min 131 şagird təhsil alır. Bu məktəblərin I sinfində 40 min 500, IX sinfində 41 min 16, X sinfində 31 min 300, XI sinfində 26 min 887, XII sinfində 130 şagird təhsilə cəlb olunub. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 498 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 375 tərbiyəçi-müəllim çalışır.
Bunlarla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. Layihə 6-cı siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur. SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında ölkəmizi 231 komanda üzrə 1019 nəfər təmsil edib. Festivalda 27 komanda birinci yerə layiq görülüb. 73 komanda ikinci, 67 komanda üçüncü yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.
Elm və Təhsil Nazirliyi Alqoritmika beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən ölkədə “Rəqəmsal bacarıqlar” layihəsini tətbiq edir. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. Layihə II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini əhatə edir.
2023-2024-cü tədris ilindən 114 yeni məktəbdə peşə təmayüllü sinif təşkil olunub. Peşə təmayüllü siniflərin sayı 230-a çatmaqla ümumilikdə 194 məktəbdə 3 min 500-dən çox şagirdi əhatə edib. X-XI siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi də layihənin məqsədlərindəndir.