Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-04 09:00:00
“Tarixdə bu gün” - 4 iyun necə yadda qalıb?

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

4 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

4 iyun Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür:

 

1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (İnternational Day of İnnocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara alıb.

 

4 iyun 1918-ci ildə   Osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında Dostluq Müqaviləsi imzalandı:

 

Bu, Azərbaycan Demokratik Respublikasının xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi.

Sənədin giriş hissəsində yazılmışdı: “Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlib”.

 

4 iyun 1932-cü ildə Türkiyədə xarici vətəndaşların dövlət işlərində çalışması rəsmən qadağan edildi.

 

4 iyun 1869-cu ildə Mollanəsrəddinçi şair Bayraməli Abbaszadə  Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib:

 

İbtidai təhsilini mollaxanada alan Bayraməli 20-ci əsrin əvvəllərində Bakıya gəlib, “Molla Nəsrəddin” jurnalında “Hambal” imzası ilə yazılarını çap etdirib.

 

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başlananda Təbrizə gedərək Səttarxanla çiyin-çiyinə döyüşüb, səttarxançıları tərənnüm edən şeirlər yazan Bayraməli Abbaszadə hərəkatın məğlubiyyətindən sonra təqib edildiyindən yenidən Bakıya qayıdıb, ömrünün sonunadək burada yaşayıb, seçilmiş əsərlərini buraxıb. (1869-1926)