Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-dən etibarən dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının Danışıq bloku üzrə imtahanı keçirilir.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilir. Danışıq bloku üzrə imtahanda 2308 nəfərin iştirakı nəzərdə tutulub. İmtahan sabah günün sonunda yekunlaşacaq.
Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Danışıq bloku daxil olmaqla yekun imtahan nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.