_71.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
25 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
25 iyun Beynəlxalq Dənizçilər Günüdür:
Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə “Dənizçi Günü” peşə bayramı təsis olunub.
Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
25 iyun dahi Şərq alimi, ensiklopedik biliyə sahib şəxsiyyətlərdən olan Məhəmməd Nəsirəddin Tusinin xatirə günüdür:
Tusi Marağa rəsədxanasının yaradılmasına xeyli əmək sərf edib, oranı böyük elmi mərkəzə çevirib. Alim özünün məşhur “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini dəqiq təyin edib.
Nəsirəddin Tusinin elmin müxtəlif sahələrinə dair əsərləri hələ də dünya alimləri tərəfindən öyrənilir və təqdir olunur. (1201-1274)
25 iyun Azərbaycanın tanınmış fiziki, professor Qüdrət Axundov 1932-ci ilin bu günü Ordubadda anadan olub:
Tədqiqatları əsasən yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsinə aiddir. (1932-1973)
25 iyun Azərbaycanın tanınmış kinossenari müəllifi, yazıçı və rejissor Həsən Seyidbəylinin xatirə günüdür:
O, 20-dən çox kitabın, o cümlədən, “Kənd həkimi”, “Telefonçu qız”, “Cəbhədən cəbhəyə”, “İllər keçir”, İmran Qasımovla birlikdə ortaq yazdığı “Uzaq sahillərdə” kitablarının müəllifi, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və digər tanınmış bədii filmlərin rejissorudur. (1920-1980)