
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
28 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
Azərbaycan milli mətbuatının banisi, görkəmli maarif xadimi Həsən bəy Zərdabi 1837-ci ilin 28 iyununda Göyçay qəzasının Zərdab kəndində anadan olub.
Azərbaycan peşəkar teatrının yaradıcılarından olan H.Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoyub. (1837-1907)
1919-ci il iyunun 28-də Almaniya ilə qalib dövlətlər arasında Birinci Dünya Müharibəsinə son qoyan Versal (Versailles) Sülh Müqaviləsi imzalandı:
Qalib dövlətlər – ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya, eləcə də daha 21 ölkə dünya xəritəsində dəyişiklik etdilər. Müqaviləyə görə, Almaniya bütün müstəmləkələrindən mərhum oldu, ordusu məhdudlaşdırıldı və milyardlarla mark müharibə təzminatı ödəmək. məcburiyyətində qaldı. Versal müqaviləsindən sonra Avropada bir neçə yeni dövlət yarandı.
Qeyd edək ki, Azərbaycan Demokratik Cümhuriyyətin nümayəndələri də Versal konfransında iştirak ediblər.
Azərbaycanın böyük hərbi xadimi, general-leytenant Hüseyn bəy Naxçıvanski 1863-cü ilin bu günü anadan olub.
Çarın xüsusi süvari qoşununda xidmət edən Azərbaycan hərbçisi haqqında rus yazıçısı Aleksandr Soljenitsin “14 avqust” romanında yazır: “Sankt-Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə Hüseyn bəy Naxçıvanski komandanlıq edirdi”.
Birinci Dünya Müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlığa görə Rusiyanın ən yüksək hərbi mükafatlara layiq görülmüş H.Naxçıvanski Sankt-Peterburqdakı Aleksandr Nevski qəbiristanlığında dəfn olunub. (1863-1919)
Bu gün görkəmli aktrisa Barat Şəkinskayanın anadan olmasından 110 il ötür:
Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan 1920-ci il aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.