Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-19 13:38:24
Almaniya universitetinin tələbələri Coğrafiya İnstitutunda tədqiqat aparacaqlar

Almaniya universitetinin tələbələri Florian Behrens və Gülay Göktaş Coğrafiya İnstitutunda olublar. Səfər Almaniyanın Gissen şəhərindəki Yustus Libix Universiteti ilə Elm və Təhsil Nazirliyinin H.Əliyev adına Coğrafiya İnstitutu arasında bağlanmış memoranduma əsasən təşkil olunub.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər DAAD (Alman Akademik Mübadilə Xidməti) fondunun maliyyə dəstəyi ilə “Cənubi Qafqazda geoparkların idarə edilməsi” (Management of Geoparks in the southern Caucasus) layihəsi çərçivəsində reallaşıb.

 

İnstitutun icraçı direktoru dosent Zaur İmrani və kiçik elmi işçisi Bəyimxanım Hüseynova tələbələrə elmi müəssisədə aparılan tədqiqatlar barədə məlumat veriblər, onları yeni nəşrlərlə tanış ediblər.

 

Tələbələr iki həftə ərzində Coğrafiya İnstitutunda elmi-tədqiqat işi ilə məşğul olacaq, eləcə də Azərbaycanda geoparkların yaradılması üçün potensial və geoturizm imkanları yüksək olan ərazilərə gedəcəklər. Səfər proqramı çərçivəsində tələbələrin Samur-Yalama və Hirkan Milli parklarına, Qobustan Milli Tarix-Bədii Qoruğu, Altıağac Dövlət Təbiət Qoruğu və digər ərazilərə ezam olunması nəzərdə tutulub.

 

Tədqiqat işinin yekun mərhələsində tələbələr Azərbaycanda tanış olduqları ərazilərdə geoparkların təşkili, geoturizmin müasir vəziyyəti, inkişafı və digər məsələlər haqqında hesabat hazırlayacaq, topladıqları məlumatlar əsasında verilənlər bazası yaradacaqlar.