
"İnsanlarla ünsiyyət əsnasında verilən informasiyanın əsas təsirinin 55 %-i bədən dili –yəni duruş, əl hərəkətləri, göz təması (mimika, jestlər) və s. 38 %-i səs tonu və sadəcə 7 % -i nisbətində deyilən sözlərdən ibarət olduğu təsdiqlənib"
AzEdu.az xəbər verir ki, bu sözləri şəxsi feysbuk hesabıbda pedaqoq Əli İbrahimbəyli deyib. Onun sözlərinə görə, fikir bildirərkən, status yazarkən - əsas olan nə demək yox, necə deməkdir:
"Əsas olan digər məqam sözün, fikrin kim tərəfindən deyilməsidir. Bu sözün, fikrin bütün məzmunu, alt qatlardan süzülüb gələn mənası, deyilmə səbəbi və həmin insan haqqında xeyli gizli məlumat həmin adamın sözündə (və ya statusunda) gizlənib.
Sözündən tutursan ki, adamın mənəvi, intellektual səviyyəsi necədir, necə bir ömür yaşayıb, cəmiyyətdə hansı statusu tutur və ya tutmaq iddiaları var. Necə yaşayır və bundan sonra necə yaşamaq istəyir? Deyərkən və ya yazarkən kimlərin və hansı qurumların bunları oxuyacaqlarını nəzərdə tutur. İnsanlar fikir bildirərkən olduqları ovqatdan və düşüncələrdən daha çox tutduqları statusdan çıxış edirlər. Yəni özlərini yox, məcburən olduqları mövqeni və zorən oynadıqları obrazı ifadə edirlər. İnsanı tanımaq istəyirsinizsə, onların statuslarını oxuyun, özü sizi aldatsa da, sözü aldada bilməz. Çünki insan necə dilinin altında gizlənibsə, o cür də statuslarının içində gizlənib".