
AzEdu.az “İraq göz” rubrikasını davam etdirir. Rubrika əsasında xaricdə təhsil alan tələbə və məzun soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini öyrənirik.
Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxırıq...
Qeyd edək ki, müsahiblərə bir çox universitet adlarını təqdim etsək də, onlar yalnız məlumatları olan universitetlər haqqında danışdılar.
Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:
Macarıstanın Korvinus Universitetinin magistr pilləsinin tələbəsi Abdulla Məmmədli:
UNEC- “Universistetdə son 5-8 illər arasında görülən işlər, uzun zaman ərzində formalaşmış “Narxoz” stereotiplərini qırmağı bacarıb. Yeni rəhbərlik daha gənc və yenilikçi kadrlara üstünlük verməyə başlayıb.
Eyni zamanda, universitet daxilində SABAH, İSE, TUDİFAK kimi brendlər arasında rəqabət formalaşaraq UNEC-də təhsilin inkişafına öz töhfəsini verməkdədir. Bütün bunlarla yanaşı, universitet tələbələrinin ən az yarı hissəsi hələ də köhnə, sovet tipli sistemdə təhsil, bəzi hallardasa ancaq diplom alırlar. Universitet maddi və texniki baza tərəfdən ciddi sıxıntılar çəkir. Burada ölkədəki çoxsaylı universitetlərdə olduğu kimi kampus problemi əsas olaraq qalmaqdadır.
Bakı Dövlət Universiteti - Ölkənin ən qədim və böyük universiteti olmasına rəğmən, universitet son illərdə sanki bir durğunluq dövrünə qədəm qoyub. Fakültələr arasındakı fərqlərdə çox böyük uçurumlara rast gəlir. Bəzi fakültələr daha müasir təhsil verməyə çalışarkən, digərləri rüşvət bataqlığında boğulur. Ancaq universitet rəhbərliyindəki son dəyişikliklər özlüyündə böyük ümidlər doğurur. Universitetin zəngin tarixi onun çox güclü olan müəllim-professor heyətini formalaşmasında əhəmiyyətli rol oynayıb.
ADA Universiteti-Müstəqillikdən sonra Azərbaycan təhsilinin ən böyük uğurlarından biri kimi xarakterizə oluna bilər. Müasir dövrün tələblərinə cavab verən kampusu, kadr heyəti, menecmenti universiteti digərlərindən daha üstün edir. Ancaq onu da vurğulamaq lazımdır ki, dövlətin göstərdiyi kifayət qədər böyük maddi və digər yardımlar universitetlər arasında rəqabəti pozur və ADA-ın aşırı dərəcədə digərlərini üstələməsinə gətirib çıxarır. Eyni zamanda, bütün bu yardımlara baxmayaraq, təhsil haqları hədsiz dərəcədə yüksək olaraq qalmaqdadır hansıkı əhalinin böyük əksəriyyəti üçün əlçatmazdır.
Azərbaycan Dövlət Aqrar Universiteti-Öz sahəsində ölkənin yeganə universitetinin rəhbərliyi son dövrlər bir çox islahatlar həyata keçirib.
Universitetin texniki və kampus problemləri demək olar ki, nəzərə çarpacaq dərəcədə azalıb. Burada rüşvət halları minimuma enib. Ancaq universitetin tədrisin keyfiyyətində hələ də böyük boşluqlar rast gəlinir.
İtaliyanın Peruca Universitetinin tələbəsi Cavid Fərzullayev:
Azərbaycan Tibb Universiteti – Professor Eldar Qasimovun təbirincə desək, bu universitetdə Azərbaycanın "yağ"ları yəni kifayət qədər istedadlı gəncləri toplanıb. Onlara dərs deyən professor-müəllim heyəti də seçiləndir. Amma baza tərəfdən ali tibb təhsil sistemində ciddi dəyişiklər etmək lazımdır ki, hər iki tərəfdən daha səmərəli nəticələr əldə etmək mümkün olsun.
Bakı Musiqi Akademiyası – Bakıda olan zaman akademiyada təşkil olunan konsert proqramlarında iştirak etməyə çalışıram. Ümumiyyətlə, bu sahədə çox istedadlı gənclər var. Onlara verilən təhsil də yüksək olmalıdır. Məsələn, xaricdən tanınmış musiqiçiləri dəvət etməklə “master klaslar” təşkil etmək yaxşı olardı. Avropa, Amerika və uzaq şərqdə yetişən musiqiçilərlə görüşlər, konsertlər təşkil etmək tədrisdə müsbət effekti yüksək olacaq. Bir tamaşaçı kimi, akademiya konsertlərini öz zallarında təşkil etsələr çox gözəl olardı.
Azərbaycan Dillər Universiteti - Fikrimcə, bu universitetin müxtəlif regionlar, dillər üzrə təhsil ala tələbələri təhsil müddətlərində mütləq uyğun xarici ölkəyə dövlət, ya da sponsorlar vasitəsilə təcrübə və mübadilə proqramında iştiraka cəlb edilməlidir.